TEATR SƏNƏTİNƏ DAİR DƏYƏRLİ MƏNBƏ

09.07.2021

Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, sənətşünaslıq doktoru, professor, SSRİ xalq artisti Mehdi Əsədulla oğlu Məmmədovun ilk dəfə 1971-ci ildə “Maarif” nəşriyyatı tərəfindən kiril qrafikası ilə çap olunmuş “Rejissor sənəti” adlı əsəri yenidən latın qrafikası ilə nəşr edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissoru və səhnə plastikası” kafedrasının müdiri, dosent Sevda Namaz qızı Teymurovanın transliterasiya etdiyi bu dərs vəsaitinin elmi redaktoru görkəmli sənətşünas alim Məmməd Cəfər olmuşdur.
Üç fəsildən ibarət kitab rejissor sənətinin əsaslarına dair yığcam bilik vermək məqsədi daşıyır. Birinci fəsil teatr sənətinin xüsusiyyətləri, rejissorun teatrdakı mövqeyi və vəzifələri haqqında nəzəri məsələlərə həsr edilir. Sonrakı iki fəsildə isə tamaşanın hazırlanma prosesi və onun əsas mərhələləri izlənilir. Nəzəri fikirlərin aşkar və əyani olması üçün M.F.Axundovun “Hacı Qara”, C.Cabbarlının “Almas”, A.Korneyçukun “Platon kreçet” dramlarından, C.Məmmədquluzadənin “Kamança” və A.P.Çexovun “Elçilik” adlı kiçik formalı pyeslərindən misallar göstərilmiş, onlardan təhlil obyekti kimi istifadə edilmişdir.
Kitab teatr təhsili alan tələbələr, gənc rejissorlar və dram kollektivi rəhbərləri üçün tədris və yaradıcılıq nəşridir. Dərs vəsaitindən həm ənənəvi, həm də elektron variantda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində istifadə etmək olar.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.

xəbərlər səhifəsinə qayıt