TƏLƏBƏLƏR KİTABXANA İŞİ İLƏ BAĞLI TƏCRÜBƏDƏ

Kitabxana-İnformasiya Mərkəzinin müdiri və Kulturologiya fakültəsinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Tamilla Əsgərova Kitabxanaçılıq və informasiya ixtisası üzrə universitetdə bakalavr pilləsində təhsil alan II kurs tələbələri ilə birgə Bakıda yerləşən ölkəmizin aparıcı kitabxanalarında təcrübədə olmuşlar. İlk olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olan tələbələr, burada kitabxananın fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tələbələrə kitabxananın müasir sənəd-informasiya resursları və oxuculara xidmətin müasir üsulları barədə ətraflı məlumat verilmişdir. Prezident Kitabxanasının fəaliyyəti ilə ümumi tanışlıqdan sonra tələbələr Azərbaycan Milli Kitabxanasında olmuşlar. Burada onlar oxuculara biblioqrafik və elektron informasiya xidməti, elektron resursların yaradılması, nadir kitab və kitabxana muzeyi, not nəşrləri və səsyazmaları, elektron dissertasiya fondunun təşkili və ondan istifadə, kitabişləmə və kataloqlaşdırma, diyarşünaslıq və analitik biblioqrafik resursların yaradılması sahəsində Milli Kitabxananın işi ilə yaxından tanış olmuş, müvafiq şöbələrdə kitabxana əməkdaşları ilə səmərəli elmi-təcrübi mübadilə aparılmışdır. Hər bir şöbə müdiri rəhbərlik etdikləri şöbələrin funksiyaları barədə geniş danışaraq tələbələri maraqlandıran sualları cavablandırmışlar. Son olaraq tələbələr Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində oldular. Kompleksin direktoru Şəhla Xudiyeva tələbələrə müəssisənin yaranması, məqsədi, fəaliyyəti və strategiyası haqqında dolğun məlumat verərək, kompleksin 21 mərkəzinin işi ilə tanış etmiş və tələbələri bu kompleksin fəaliyyətindən faydalanmağa dəvət etmişdir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.