ADMİU-NUN KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ YENİ XARİCİ TƏDRİS NƏŞRLƏRİ ƏLDƏ EDİB

Bugünlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzinə sosial iş və idarəetmə mövzusunda tanınmış xarici müəlliflərin yeni dəyərli kitabları hədiyyə olunub. Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri neft qaz layihələrinin əməliyyatçısı olan BP şirkətinin ölkəmizdə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsi olan bu tədris nəşrləri “TEAS Press” Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq 2020-ci ildə çap edilib.
Dünyanın nüfuzlu Florida Atlantik Universitetinin Sandler Sosial İş Məktəbinin professoru Allan Edvard Barskinin müəllifi olduğu “Sosial işdə etik prinsiplər və dəyərlər” adlı dərslik ilk dəfə 2019-cu ildə “Oxford University Press” nəşriyyatı tərəfindən nəşr olunub. Dərslik sosial işçiləri etik məsələlərin idarə edilməsinə bir sıra yanaşmaları, o cümlədən leqalizmi, prinsipializmi (deontologiya) əhatə etməyə təşviq edir.
ABŞ-ın Kolorado Universitetinin (Denver) Qlobal liderlik üzrə Robert H.Reynolds kafedrasının rəhbəri, professor Ueyn F.Kassionun müəllifi olduğu “İnsan resurslarının idarə edilməsi: məhsuldarlıq, iş həyatının keyfiyyəti, mənfəət” adlı dərslik ilk dəfə 2016-cı ildə “McGraw-Hill Education” nəşriyyatı tərəfindən çap olunub. Kitabın məqsədi daxili və xarici kontekstdə insanlarla bağlı hadisələrin dəqiq diaqnostikasına əsaslanan qərarlar qəbul etməyi gələcəyin menecerlərinə öyrətməkdir.
Amerikanın məşhur ali məktəblərinin alimləri, Texas Lüteran Universitetinin Cessi H.Cons biznes idarəçiliyi kafedrasının rəhbəri Cey Heyzer, Floridanın Charles Harwood Kollecinin əməliyyatların idarəedilməsi üzrə professoru Barri Render və Vaşinqton Dövlət Universitetinin nəzdindəki Karson Biznes Kollecində əməliyyatların idarə edilməsi üzrə professor Çak Masonun həmmüəllifi olduğu “Əməliyyatların idarə edilməsi prinsipləri: dayanıqlı inkişaf və təchizat zəncirinin idarə edilməsi” adlı dərslik ilk dəfə 2011-ci ildə “Pearson” nəşriyyatı tərəfindən çap edilib. Kitab oxuculara əməliyyatların yerinə yetirilməsinə müasir baxışı təqdim edir. Nəşrin əsas məqsədi bu sahəyə real, praktik tərzdə geniş giriş verməkdir.
Tədris nəşrlərindən professor-müəllim heyətinin ətraflı tanış olması üçün kitablar “Sosial-mədəni xidmətlər” və “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedralarına təqdim olunub.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.