ADMİU KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ BP ŞİRKƏTİNİN NƏŞRLƏRİNİ ƏLDƏ EDİB

ADMİU Kitabxana-informasiya Mərkəzinə BP şirkətinin idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilinə tərcümə olunmuş nəşrləri hədiyyə olunub. Bunlar BP-nin Azərbaycan universitetlərinə gətirməyi öhdəsinə götürdüyü on beynəlxalq təhsil vəsaitindən ilk üç dərsliyin tərcüməsidir.
Bu üç dərslik beynəlxalq miqyasda ən geniş yayılmış kitablar arasındadır. Onlar yerli universitetlərdən və ekspertlərdən alınmış tövsiyələr əsasında seçilmişdir. Kitabların seçilməsində başqa bir mühüm meyar isə dərsliklərin aparıcı beynəlxalq universitetlərin proqramlarında icbari təhsil vəsaiti kimi istifadə edilməsidir.

Sözügedən üç kitab aşağıdakılardır:
“İdarəetmənin əsasları” – müəlliflər: Stiven P. Robbins, Meri Koulter və Devid A. DeSenzo. Bu dərslikdə geniş təcrübəyə söykənən idarəetmə üzrə praktiki vasitələr təqdim edilib. İdarəetmənin əsas konsepsiyalarını əhatə edən bu kitab mühüm problemlərin başa düşülməsi üçün əsaslı bilikləri özündə ehtiva edir və güclü, praktiki istiqamət verməklə menecerlər üçün hansı üsulların müvafiq olub-olmadığı barədə sonuncu araşdırmaları özündə əks etdirir.
“Siyasət elminə giriş” – müəlliflər: Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Cons. Kitabda siyasət elminin fundamental prinsiplərinin əsrlər boyunca mühüm liderlərin qərar verməsinə necə yardım etdiyi göstərilib. Müəlliflər nəzəri fikirlər və tətbiqi əsaslandırma arasında balans təqdim edirlər ki, bu da tələbələrin siyasi manipulyasiya üçün necə sakit, rasional seçimlər edilə biləcəyini başa düşməsinə yardım edir.
“Keys menecment” – müəllif: Artur C. Frankel və Şeldon R. Gelman. Keys menecerlər öz müştəriləri üçün geniş növdə xidmətlər, resurslar və imkanlar üzrə həm ekspert, həm də əlaqələndirici qismində çıxış etməklə əvəzsiz xidmət göstərirlər. Müəlliflər kitabda öz geniş praktiki, auditoriya və araşdırma təcrübələrindən istifadə etməklə keys menecment prosesinin mərhələlərini aydın şəkildə bir-birindən fərqləndirir və keys menecerlərin müxtəlif praktiki vəziyyətlərdə yerinə yetirdiyi saysız vəzifələri nəzərdən keçirirlər.
BP şirkətinin yerli universitetlərin tələbələri və müəllim heyətinə öz ana dilində dünyanın ən yaxşı akademik kitablarından istifadə edə bilmək imkanının yaradılması mühüm əhəmiyyət kəsb edir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.