İNCƏSƏNƏTƏ DAİR YENİ NƏŞRLƏR OXUCULARIN İSTİFADƏSİNƏ VERİLİB

Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya resursları fondu yeni kitablarla zənginləşib. Belə ki, 2020-ci ildə fonda ədəbiyyat, rəssamlıq və teatr sahəsinə aid yeni çap olunmuş 3 adda 53 nüsxə nəşr hədiyyə olunub.
İlk nəşr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər)" kitabıdır.
Akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə 2019-cu ildə işıq üzü görən kitaba tanınmış füzulişünas-alim Gülşən Əliyeva-Kəngərlinin dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında mülahizələri daxil edilib. Kitabda Nəsiminin şəxsiyyətinə və yaradıcılığına həsr olunmuş "Türk ruhunun poetik vüsəti", "Şeirimizin "quş dili", yaxud Nəsimi poeziyasında rəmz", "Nəsimi poeziyasında "hüsnü-cəmal", "Nəsimi poeziyasında Can, Cahan, Canan (kosmik aləmin dərki)", "Nəsimi şeirində vəhdət: mürşid və mürid", "İki dahi: Nəsimi və Füzuli şeirində ədəbi paralelizm" və "Bütün zamanların dahisi (nəticə əvəzinə)" sərlövhəli məqalələr toplanıb.
İkinci nəşr ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın müəllifi olduğu “Təsviri incəsənət əsərlərinin tarixinin müəyyənləşdirilməsi metodları” adlı dərslikdir. “Sənətşünaslıq” ixtisasında magistr hazırlığı üçün tərtib olunmuş dərslik incəsənət əsərlərinin araşdırılmasında və ekspertizasında tətbiq edilən müasir metodlar və yanaşma üsullarının mənimsənilməsi, əldə olunmuş biliklərin tədqiqatlarda istifadəsi bacarığının formalaşdırılmasını nəzərdə tutur.
Fonda yeni daxil olmuş sonuncu nəşr böyük rus teatr xadimi, professor Boris Zaxavanın (1896-1976) klassikaya çevrilmiş pedaqoji əsəri olan “Aktyor və rejissor sənəti” adlı dərs vəsaitidir. “Qanun” nəşriyyatı tərəfindən ilk dəfə olaraq 2019-cu ildə latın qrafikası ilə nəşr olunan kitabın ilk buraxılışı 1984-cü ildə ADMİU-nun teatr pedaqoqları Nəsir Sadıq-zadə və Əzizağa Quliyevin tərcüməsi əsasında çapdan çıxmışdır. Dərs vəsaitində rol üçün material toplanması məsələləri nəzərdən keçirilir, məşq prosesinin əsas mərhələləri izlənilir. Kitabda gənc aktyor və rejissora kömək edəcək çalışmalar sistemi verilmiş, müəllif buraya pyesin rejissor tərəfindən interpretasiyası məsələlərinə dair yeni materiallar daxil etmişdir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.