AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİNİN NƏŞRLƏRİ

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşrlərinin ADMİU-da təqdimat mərasimi keçirildi. 5 noyabr 2019-cu il tarixində baş tutan tədbirdə giriş nitqi ilə universitetin rektoru, professor Ceyran Mahmudova çıxış edərək Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi. Daha sonra mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyev və tanınmış tərcüməçilər Azərbaycan dilinə tərcümə olunan pyeslər və dünya dramaturgiyasının aktual inciləri barədə universitetin tələbə və professor-müəllim heyətini məlumatlandırdılar. Çıxış edən ADMİU-nun professor-müəllim heyəti qeyd etdi ki, müxtəlif dillərdə olan bu nəşrlər yüksək oxucu tələbatı nəzərə alınaraq tərcümə olunub və bu kitablar ADMİU-da tədris prosesində istifadə olunan qiymətli ədəbiyyatdır.
Təqdimat mərasimində nümayiş olunan Bertold Brextin “Seçilmiş əsərləri”, Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”, I cildi “Skapenin kələkləri”, II cildi “Lanqustun gülüşü” adlanan ikicildlik “Dünya dramaturgiyası antologiyası”, Uilyam Somerset Moemin “Teatr (Seçilmiş əsərləri)”, Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım”, Artur Millerin “7 pyesi” kitabları və dünya ədəbiyyatı jurnalının 2018, 2019-cu il nömrələri universitetin Kitabxana-informasiya Mərkəzinə hədiyyə olundu. Təqdim olunan nəşrlər Kitabxana-informasiya Mərkəzinin yeni daxil olan ədəbiyyat sərgisində oxucuların istifadəsinə verilib.
Onu da qeyd etmək lazımdır ki, ADMİU-nun Kitabxana-informasiya Mərkəzi istifadəçilərin tələbatına uyğun olaraq mütəmadi şəkildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə qarşılıqlı əlaqə saxlayaraq kitablar əldə edir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.