MULTİKULTURALİZMƏ AİD DƏYƏRLİ MƏNBƏ

Azərbaycanda istər millətlərarası və dinlərarası münasibətlər, istərsə də multikultural dəyərlər sahəsində əsrlərboyu təşəkkül tapan ənənələr mövcuddur. Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət əsrlərdən bəri Azərbaycan xalqına xas olan keyfiyyətdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi və hazırda uğurla davam etdirilir. Bu siyasətin uğurlu təzahürü kimi ADMİU-nun Kitabxana-informasiya Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyini əldə edib. Elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan və dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.
Dərslik Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə 2019-2020-ci tədris ilindən etibarən ölkəmizin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində əsas fənn kimi tədris edilən “Multikulturalizmə giriş” kursu üzrə dəyərli mənbə rolu oynayacaqdır. Fənnin tədris olunması dövlətimiz tərəfindən bu siyasətin mühüm təzahürüdür və təkcə idraki xarakter daşımır, bunun çox böyük siyasi, praktik əhəmiyyəti vardır. Belə ki, fənnin tədrisi tələbələri multikulturalizmlə bağlı məlumatlandırmaqla yanaşı, cəmiyyətdəki inteqrasiya proseslərinə də müsbət təsir göstərəcəkdir. Bu səbəbdən, “Multikulturalizmə giriş” dərsliyinin nəşr olunması böyük əhəmiyyət daşıyır.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.