KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ MİRZƏ ŞƏFİ VAZEHİN YARADICILIQ İRSİNƏ HƏSR OLUNMUŞ KİTAB TƏQDİMATINDA

ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsgərova iyun ayının 21-də Xalq Bankın baş ofisində keçirilən “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşrinin təqdimatı mərasimində iştirak edib. Azərbaycanın görkəmli şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunan nəşrin təqdimatında iştirak etmiş ölkəmizin elm və mədəniyyət xadimləri görülən işi yüksək dəyərləndiriblər.
Beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilə tərcümə edilən külliyyatın Gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dilərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.
Əlamətdardır ki, kitabın nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.
“Xalq Əmanəti” layihəsinin Mirzə Şəfi Vazehin yaradıcı irsinə müraciət etməsini mədəniyyətimizə böyük hədiyyə olaraq qiymətləndirmək və bu kitabın şairin yaradıcılığını tədqiq etmək üçün fundamental vəsait olduğunu xüsusi vurğulamaq olar.
Xalq Bank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilən “Xalq Əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Ötən zaman ərzində nəşr olunmuş Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevə həsr olunmuş əsərlər, o cümlədən Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” Kitabxana-informasiya Mərkəzinin sənəd resursları fondunda komplektləşib. Mərkəzin istifadəçiləri bu kitablara xüsusi maraq göstərir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.