KİNOŞÜNAS ƏLİSƏFDƏR HÜSEYNOVUN KİTABLARINDAN İBARƏT SƏRGİ

Kitabxana-informasiya Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Əlisəfdər Hüseynovun kitablarının sərgisi açılmışdır. Sərgidə tədqiqatçı-alimin "Kino və poeziya" (2000), "Tanış mövzuda variasiyalar" (2009), "Səhnədən o yana, yaxud sözün şəkli" (2012), "Kinomuzda Anar fenomeni" (2015) və yenicə çap olunmuş “Kinonun fəlsəfəsi” əsərləri nümayiş olunur.
Kinoşünas-alim öz əsərlərində Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparmış, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırmış, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut etmişdir.
Əlisəfdər Hüseynovun qələmindən çıxan bütün əsərlər, o cümlədən “Kino terminlərinin izahlı lüğəti” və “Kinonun fəlsəfəsi” kitabları kino sənətinin sirlərini öyrənən tələbələr üçün dərs vəsaiti kimi olduqca dəyərlidir.
Tədqiqatçı eyni zamanda rumın mənşəli fransız dramaturqu E.Loneskonun "Borc qurbanları" pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.