“İLHAM RƏHİMLİ: ELMİ-NƏZƏRİ İRSİ” MÖVZUSUNDA SƏRGİ KEÇİRİLİR

Kitabxana-informasiya Mərkəzi ADMİU-nun əsas tədris korpsunda Azərbaycan teatrşünas-tənqidçisi, Əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü İlham Rəhimlinin kitablarından ibarət sərgi keçirilir.
Sərgidə Azərbaycan teatrının canlı ensiklopediyası İlham Rəhimlinin yeni çapdan çıxmış 5 cildlik “Azərbaycan teatr tarixi”, 3 cildlik “Səhnə fədailəri”, 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”, “Gəncə teatrı”, “Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrında” kitabları, həmçinin “Abbas Mirzə Şərifzadə”, “Ağasadıq Gəraybəyli”, “Mustafa Mərdanov”, “Kazım Ziya”, “İbrahim Həmzəyev”, “Həsənağa Turabov”, “Məmmədrza Şeyxzamanov”, “Mehdi Məmmədov”, “Mərziyə Davudova”, “Nəsibə Zeynalova”, “Fatma Qədri”, “Barat Şəkinskaya”, “Rza Təhmasib”, “Hökümə Qurbanova” və “Habil Əliyev” monoqrafiyaları oxuculara təqdim olunur.
Bütün həyatını Azərbaycan teatr tarixinin araşdırılmasına həsr etmiş tanınmış teatrşünas İlham Rəhimlinin kitabları Azərbaycan mədəniyyəti və elmi üçün böyük xəzinədir. Tarixi faktlar əsasında alimin teatr tarixinin dolğun mənzərəsini yaratması olduqca mürəkkəb və dəyərli bir iş kimi həmişə oxucuların marağına səbəb olmuşdur.
Professor İlham Rəhimlinin qələmindən çıxmış dəyərli əsərləri, o cümlədən ictimaiyyətə yeni təqdim olunan kitabları milli teatr sənətinin yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərinin mənzərəsini daha aydın təsəvvür etməyə imkan verir. Tədqiqatçı-alim öz yaradıcılığında Azərbaycan teatr tarixini araşdırmaqla yanaşı ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərmiş Azərbaycan teatrlarının fəaliyyətini də geniş təhlil edir. Belə ki, teatrşünasın istər “Aşqabad Azərbaycan teatrı”, “Tiflis Azərbaycan teatı”, “Təbriz Azərbaycan Teatrı” kimi monoqrafiyalarında, istərsə də milli teatr sənətinin tarixinə həsr olunmuş digər tədqiqat əsərlərində ölkəmizdən kənarda yaranmış teatr truppalarının fəaliyyəti də ətraflı şəkildə işıqlandırılır.
Əməkdar incəsənət xadimi İlham Rəhimlinin teatr tarixinin ən müxtəlif problemlərinə həsr olunmuş tədqiqat əsərlərini oxuyarkən, diqqəti cəlb edən ümumi təsəvvür və mülahizələrlə yanaşı, teatr hərəkatı və sənətinə dair bir çox maraqlı məsələlər, konkret hadisələr, ayrı-ayrı tamaşalar, aktyor sənətkarlığı, qastrol səfərləri, ideya-yaradıcılıq münaqişələri və sair haqqında qiymətli məlumat əldə etmək olar.
Kitabxana-informasiya Mərkəzinə alimin yeni 20 adda 45 nüsxə kitabı hədiyyə olunmuşdur və ümumilikdə mərkəzin sənəd-informasiya resursları fondunda müəllifin 98 adda 471 nüsxə kitabı oxucuların istifadəsindədir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.