MƏRKƏZDƏ “OXU GÜNÜ” QEYD OLUNUB

Bilindiyi kimi, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir. Bu məqsədlə Kitabxana-informasiya Mərkəzində “Oxu günü”nə həsr olunmuş "Kitab zəka mənbəyidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə mərkəzin müdiri Tamilla Əsgərova çıxış edərək bildirib ki, bugünkü tədbir bilik və bacarıqların, fikir və düşüncələrin fövqündə dayanan kitaba, mütaliəyə və oxucuya, müəllifə və onun haqqına olan böyük hörmətə həsr edilməsi baxımından əhəmiyyətlidir. O, qeyd edib ki, kitabla ünsiyyətdə olanlar və ülfət bağlayanlar mənəviyyatlarının zənginliyi ilə də digərlərindən seçilirlər və hər bir yaradıcı insanın gələcək nailiyyətləri onun kitablar arasında keçirdiyi aramsız araşdırmalarının nəticəsidir.
Kitab oxusunun ən dəyərli məşğuliyyət olduğunu vurğulayan T.Əsgərova təbirdə iştirak edən tələbələrə məhsuldar və faydalı kitab mütaliyəsinin vacibliyindən söz açıb. Gün ərzində mütaliəyə həsr olunmuş zamanın vaxt itkisi olmamasından, mütaliə vərdişlərinə necə yiyələnməkdən, kitabların yaş kateqoriyasına görə, şəxsin psixoloji durumuna uyğun olaraq tənzimlənməsinin vacibliyindən danışıb. Düzgün seçilmiş kitabların mütaliəsinin insana verdiyi faydasından, oxu zövqünün, dərrakənin formalaşdırılmasından söz açıb. Tələbələri sosial şəbəkələrdə boşuna vaxt sərf etməkdənsə, zamanı kitab oxusuna xərcləməyə səsləyib.
Sonra tədbir debat, sual-cavab formatında davam edib. Tələbələr ən çox sevdikləri kitablardan, bədii əsər qəhrəmanlarından danışaraq oxuduqları kitablardan sitatlar gətiriblər. Mərkəzin hədiyyə fondundan 150 nüsxə müxtəlif mövzulara həsr olunmuş ədəbiyyat tələbələr arasında paylanılıb. “Oxu günü” ilə bağlı vacib nüanslardan biri də budur ki, yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu cür xoşməramlı tədbirlər ictimai-sosial həyatda həmişə əhəmiyyətli hadisə kimi qiymətləndirilir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.