MƏRKƏZ TƏLƏBƏLƏR ÜÇÜN İSTEHSALAT TƏCRÜBƏSİ BAZASI KİMİ

Kitabxana-informasiya Mərkəzində fevral ayının 18-dən universitetin Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə IV kurs əyani tələbələri təcrübə keçir. May ayının 24-nə kimi nəzərdə tutulan 14 həftəlik istehsalat təcrübəsinə mərkəzin müdiri Tamilla Əsgərova rəhbərlik edir.
Təcrübədə iştirak edən 7 nəfər tələbənin hamısı müvafiq qaydada təlimatlandırıldıqdan sonra mərkəzin iş şəraiti və fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumatlandırılıb. Onlar bu müddətdə sahəvi sənəd-informasiya fondlarının ADMİU-nun fakültələrində təşkil edilən tədris proqramlarına və elmi-tədqiqatların istiqamətlərinə uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi, sənədlərin elmi sistemləşdirilməsi, kitabxana-biblioqrafiya və informasiya proseslərinin avtomatlaşdırılması, sənəd-informasiya fondunun istifadəsinin, təbliğinin, mühafizəsinin təşkili və təhsilin analitik-informasiya təminatı, elmi-tədqiqatların informasiya təminatı və kitabxanaşünaslıq istiqamətində elmi tədqiqatların təşkili istiqamətləri üzrə həyata keçirilən işlərə cəlb olunublar.
Qeyd edək ki, təcrübədə olan tələbələr mərkəzin universitetin hər iki korpusunda olan sənəd-informasiya resursları fondu ilə yaxından tanış olmaqla oxuculara kitabxana-biblioqrafiya və informasiya xidmətinin tam və operativ qaydada həyata keçirilməsinə böyük maraq göstərirlər. Belə ki, kitabxanamızda tətbiq olanan “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin texniki imkanları sayəsində işin öyrənilməsinə də xüsusi həvəslə yanaşırlar.
Mərkəzdə təşkil olunan “Yeni daxil oaln ədəbiyyat”, “Cəlil Məmmədquluzadə - 150”, “Cəfər Cabbarlı - 120” və “İmadəddin Nəsimi - 650” mövzularındakı sərgilərin hazırlanmasında və mərkəzdə keçirilən digər kütləvi tədbirlərdə tələbələr kitabxananın əməkdaşları ilə birlikdə fəal iştirak edirlər.
Hər bir tələbəyə mərkəzin fəaliyyətinin müxtəlif aspektlərini özündə əks etdirən referat mövzuları təyin olunmuş, onlara müvafiq planlar tərtib edilmişdir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.