MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCANDA KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ

Məlumdur ki, 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərcmərclik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı.
Ümummilli liderimiz müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addım ataraq 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi Nazirlər Kabinetinə tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdirildi. 1998-ci ildə isə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu.
Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda özünün sürətli inkişafı və modernləşmə dövrünü yaşayan Azərbaycanda kitabxana işinin yenidənqurma konsepsiyasının əsası da 90-cı illərin ortalarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə - yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanıb və özünün ciddi çətinlik dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb. Heydər Əliyev 1995-ci il iyunun 3-də Milli Kitabxanaya gələrək "Vətənə, dövlətə, xalqa sədaqət andı" kitabının təqdimat mərasimində iştirak edib. O zaman M.F.Axundov adına Dövlət Kitabxanasının fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirən ulu öndər deyib: "Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. ... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya və burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm". Ümummilli liderimiz M.F.Axundov adına Milli Kitabxanaya ikinci dəfə 1996-cı il mart ayının 5-də İsraildə çap olunan "Heydər Əliyev: Siyasi portretin cizgiləri" kitabının təqdimat mərasimi zamanı gəlmişdi. O zaman kitabxananın fondlarına çox az miqdarda yeni kitabların daxil olduğunu görərək öz şəxsi kitabxanasından 400 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə edib. Bununla da o, böyük və şərəfli bir ənənəyə başlanğıc verib. Ulu öndər kitabxanadakı çıxışı zamanı bu məsələ haqqında deyib: "Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər". Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitab bağışladılar. Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya üçüncü dəfə 1997-ci il noyabrın 5-də "Azərbaycan qaçqınları" fotoalbomunun təqdimat mərasimi zamanı gəlib. O vaxt ulu öndər kitabxananın fondundakı xarici ədəbiyyatlarla da maraqlanıb və məlum olub ki, bir neçə ildir Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat daxil olmur. Diqqəti bu məsələyə çəkən ulu öndərimiz oradaca Baş nazirə göstəriş verib ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 1997-ci ildən başlayaraq hər il 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın. Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib və həmin ildən başlayaraq hər il kitabxanaya xarici ədəbiyyat və dövrü nəşrlər almaq üçün 5000 ABŞ dolları həcmində vəsaiti ayrılıb".
Bütün bunlar xalqını, millətini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətlərinə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bəhrəsi idi desək, yanılmarıq: "2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri - "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" (2004), "Dünya ədəbiyyatı və uşaq ədəbiyyatı kitabxanası seriyasından kitabların nəşri haqqında" (2005), "Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında" (2007), "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq olunması haqqında" (2008) Azərbaycan Respublikası Prezidentinin silsilə sərəncamları və Milli Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və modernləşdirilməsi barədə Prezident İlham Əliyevin tapşırıqları bu siyasətin məntiqi davamıdır.
Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Hətta, deməl olar ki, bu sərəncamla kitabların 25 min nüsxə tirajla çap olunması və bütün kitabxanalara hörmətli Prezidentimizin hədiyyəsi kimi verilməsi oxucuların yenidən kitabxanalara qayıtması üçün real şərait yaratdı.

Tamilla Əsgərova
ADMİU Kitabxana-informasiya Mərkəzinin müdiri


© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.