ADMİU-NUN KİTABXANAÇILIQ VƏ İNFORMASİYA İXTİSASI ÜZRƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİ BAKI KİTAB MƏRKƏZİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR

Bugünlərdə ADMİU-nun Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Bakı Kitab Mərkəzinin (Baku Book Center) fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin müəssisədə olublar. Universitetin Kitabxana-informasiya Mərkəzinin əməkdaşı, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi Natiq Mürsəlovun rəhbərliyi ilə təşkil olunmuş bu tanışlıq zamanı tələbələr Heydər Əliyev fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə açılmış bu mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat əldə etdilər. N.Mürsəlov tələbələrə “Azərbaycanda kitab mədəniyyətinin inkişafında dövlət siyasətinin müasir vəziyyəti” haqqında məruzə ilə çıxış edib. Bakı Kitab Mərkəzində istifadəçilər üçün yaradılmış münbit şərait, turistlərə göstərilən keyfiyyətli xidmət tələbələrdə böyük marağa səbəb oldu. Qeyd edək ki, kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər təşkil olunmuş tədbirlər keçirilir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.