AMDİU BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSDA TƏMSİL OLUNUB

Azərbaycan Milli Kitabxanasında sentyabr ayının 27-28 tarixlərində “Milli Kitabxanalarda innovasiyalar – dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda Beynəlxalq Elmi-praktik Konfrans keçirilmişdir. Konfransda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova və mərkəzin kitabxanaçısı, universitetin “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi, AMEA-nın doktorantı Natiq Mürsəlov iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarları önünə əklil və gül dəstələri qoymuşlar.
Milli Kitabxananın 95 illiyinə həsr olunmuş tədbir “Azərbaycan inciləri dünya kitabxanalarında” mözusunda açılmış ədəbiyyat sərgi ilə tanışlıqla davam etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət naziri, cənab Əbülfəs Qarayev çıxış edərək qonaqları və konfrans iştirakçılarını salamlamış, Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyi münasibətilə kollektivi təbrik etmişdir. Nazir çıxışında konfransın məqsədinin kitabxanalarda texnologiyaların, yeni çağırışların qarşısında innovativ yeniliklər tapmaq olduğunu və bu sahədə konfransa dəvət olunmuş iştirakçının hər birinin öz təcrübəsini bölüşəcəyini bildirmişdir.
Konfransda Tamilla Əsəgrova “Azərbaycanda teatr, kino və televiziya sənətləri üzrə ali təhsilin kitabxana-informasiya təminatında innovativ fəaliyyət” mövzusunda elmi məruzə ilə şıxış etmişdir. Məruzəsində T.Əsgərova Teatr, kino və televiziya sənətlərinin sənəd-informasiya resursları fondunun ADMİU-nun fakültələrində təşkil edilən tədris proqramlarına, elmi-tədqiqatların istiqamətlərinə uyğun yerli və xarici çap və elektron nəşrlərlə komplektləşdirilməsi, sahəyə dair sənədlərin elmi sistemləşdirilməsi, kitabxana-biblioqrafiya xidmətinin və informasiya proseslərinin avtomatlaşdırılması məsələlərinə toxunmuşdur. ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin təcrübəsi əsasında teatr, kino və televiziya sənətlərinin sənəd-informasiya fondunun istifadəsinin, təbliğinin, mühafizəsinin təşkili, təhsilin və elmin analitik-informasiya təminatının optimallaşdırılması və teatr, kino və televiziya sənətləri üzrə kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq istiqamətlərində elmi-tədqiqatların təşkili vəziyyətini ətraflı təhlil etmişdir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.