ADMİU-NUN KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ YENİ OXUCULARINA XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYIB

ADMİU-nun 5 fakültəsinə müxtəlif ixtisaslarda 2018/2019-cu tədris ilində bakalavr pilləsində 497, magistratura səviyyəsində 94 tələbə qəbulu həyata keçirilib. Universitetin Kitabxana-İnformasiya Mərkəzi, yeni qəbul olunan tələbə və magistrantların təhsil prosesinin kitabxana-biblioqrafiya və elmi informasiya təminatını həyata keçirməyə başlayıb. Sevindirici haldır ki, tələbələr kitabxanadan istifadə etməkdə çox həvəslidilər və yüksək səviyyəli maraq nümayiş etdirirlər.
Bu gün mərkəzdə kitabxana-informasiya sahəsində yeni texnologiyalar tətbiq edilmiş, müasir kitabxana-informasiya infrastrukturu yaradılmış və istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətlərinın sayının və keyfiyyətinin artırılması, tələbələrin intellektual potensialının, bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün əlverişli zəmin formalaşmışdır. Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılması Kitabxana-İnformasiya Mərkəzinin qarşısında duran əsas vəzifələrdən biridir.
ADMİU-nun müasir təhsil strategiyasına uyğun olaraq Kitabxana-İnformasiya Mərkəzi üzərinə düşən vəzifə və öhdəlikləri operativ şəkildə həyata keçirməyə və tələbatçıların sorğularını hərtərəfli təmin etməyə çalışır. Kitabxananı ADMİU-nun tədris, elmi və mədəni həyatının mərkəzi kimi inkişaf etdirməkdə səylərini daha da artırır. Gənc nəslə mədəni xidmət göstərmək, oxucuların mütaliəsinə düzgün rəhbərlik etmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etmək istiqamətində mərkəz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Göstərilən vəzifələri optimal formada həyata keçirmək məqəsdilə şəxsiyyət vəsiqəsinə və tələbə biletinə əsasən, abonementdən müvəqqəti istifadə üçün hər bir yeni istifadəçiyə oxucu formulyarı yazılır. Həmçinin mərkəzin oxu zallarında tələbələrin kitabxana fondunda olan hər növ sənəddən, o cümlədən abonement və oxu zallarında olan nəşrlərdən, informasiya resurslarından istifadəsi təmin olunur.
Kompüterlərdən istifadə etməklə mərkəzin elekton kataloqlar sistemi vasitəsilə kitabxana fondlarının tərkibi haqqında oxuculara tam məlumat verilir. Sənədlərin mövzular üzrə seçilməsi və faktoqrafik məlumatların dəqiqləşdirilməsi üçün informasiya mənbəyinin axtarışında və seçilməsində istifadəçilərə biblioqrafik xidmət göstərilir. Tematik sərgilərdə və yeni daxil olan ədəbiyyatın sərgilərində nümayiş olunan kitablar tələbatçıların istifadəsi verilir. Onu da bildirək ki, yeni oxucuların Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinin təbliğ edilməsinə və qiymətləndirilməsinə cəlb olunması nəzərdə tutulub.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.