KİNO VƏ TEATR SƏNƏTİNƏ DAİR QİYMƏTLİ ƏSƏRLƏR OXUCULARIN İSTİFADƏSİNƏ VERİLİB

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi oxucuların mütaliə marağını və tədris prosesinin tələblərinə cavab verən ədəbiyyatın əldə edilməsi istiqamətində növbəti uğurlu iş həyata keçirib. Belə ki, son zamanlar oxucular tərəfindən daha çox soruşulan və yüksək tələbatı olan kino sənəti ilə bağlı 2 dəyərli kitab mərkəzin fonduna daxil edilib.
Bunlardan biri Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və köməkliyi ilə çap olunmuş “Dünya kinosu örnəklər kontekstində” monoqrafiyasıdır. Əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun qələmə aldığı monoqrafiya dünya kinosunun 120 illiyinə ithaf olunub. Azərbaycan dilində bu mövzuda yazılmış ilk kitabda dünya kinematoqrafiyasının keçdiyi yol, ekran sənətinin tərəqqisinə təkan verən ən dəyərli filmlər mövcud nəzəri əsaslarla təhlil edilib, mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırmalar aparılıb. “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş monoqrafiya kinoşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün dəyərli mənbə rolunu oynayacaqdır.
Digər maraqlı bir əsər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri olan görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabıdır. Kitaba müəllifin ABŞ-da keçirdiyi mühacirət illərində (1935-1954) yaradıcılıq studiyasında oxuduğu mühazirələri daxil edilib. Aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdəarxasını yüksək məharətlə açan mühazirələrdə bu çətin sənətin zirvəsinə aparan yollar, yüksək səhnə peşəkarlığının qazanılması metodları dərin təhlillər və araşdırmalarla izah edilir.
Universitetin profilinə uyğun olan bu nəşrlərə oxucuların yüksək tələbatını nəzərə alaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Tərcümə Mərkəzinə rəsmi müraciət edərək hər kitabdan 20 nüsxə əldə olunub. Kitablar tələbələrin və professor-müəllim heyətinin istifadəsinə təqdim edilib.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.