“ADMİU-NUN NƏŞRLƏRİ (2014-2018-Cİ İLLƏR)” ADLI KİTAB SƏRGİSİ AÇILMIŞDIR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “ADMİU-nun nəşrləri (2014-2018-ci illər) ” adlı kitab sərgisi təşkil olunmuşdur.
Sərgidə universitetin “Teatr sənəti”, “Kino və televiziya”, “Musiqi sənəti”, “Rəssamlıq” və “Kulturologiya” fakültələri üzrə 2014-2018-ci illərin nəşri olan ümumilikdə 153 adda kitab və jurnal nümayiş olunur. Burada sərgilənən əsərlərin əksəriyyətini elmi və tədris ədəbiyyatı təşkil edir. Universitetin “Elmi əsərlər”i və “Mədəniyyət dünyası” elmi jurnallarının son 5 ildəki 16 nömrəsi sərgi vasitəsilə oxucuların istifadəsinə təqdim olunur. Dərslik, dərs vəsaiti, elmi monoqrafiya, metodik vəsait, not nəşrləri, rəsm kataloqları, konfrans materialları və jurnallardan ibarət zəngin ədəbiyyat sərgisi oxucularda böyük maraq yaratmışdır. Mərkəz ADMİU-nun son nəşrlərini Kitabxanalararası abonement (KAA) vasitəsilə müvafiq universitetlərə və ölkəmizin aparıcı kitabxanalarına göndərir.
Mərkəzin oxu zalında təşkil olunan sərgidəki nəşrlər tələbələrin və oxucuların daimi istifadəsindədir. Qeyd edək ki, ADMİU-nun professor-müəllim heyətinin əsərlərinin annotasiyalı elmi biblioqrafik göstəricisi hazırlanır və cari ildə onun nəşri nəzərdə tutulur.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.