TARİX VƏ BU GÜN

Respublikamızda aparıcı ali təhsil müəssisələrindən biri kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanası 1925-ci ildən elm, təhsil, mədəniyyət və incəsənətin ayrılmaz tərkib hissəsi kimi milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində və oxucuların elmi potensialının artırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Çoxillik tarixi inkişaf yolu keçməklə zəngin sənəd-informasiya resursları fonduna malik elmi kitabxananın formalaşması, kitabxana-biblioqrafiya və informasiya xidməti səviyyəsinin yüksəlməsi ADMİU-nun bütün fəaliyyəti dövründə əldə etdiyi ən mühüm elmi-mədəni nailiyyətlərdən biridir.
2014-cü ildən Kitabxana-İnformasiya Mərkəzinə çevrilən kitabxananın əsas iş istiqamətlərini “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi vasitəsilə universitetin tələbə, magistrant, doktorant, dissertant, professor-müəllim heyəti və digər əməkdaşlarına göstərilən kitabxana-informasiya xidmətinin modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və elmin analitik-informasiya təminatının optimallaşdırılması təşkil edir. Hazırda mərkəz sənəd-informasiya resursları fondunun profilə uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi və elmi sistemləşdirilməsi, kitabxana-biblioqrafiya proseslərinin kompüterləşdirilməsi, elmi-tədqiqat işlərinin analitik-informasiya təminatının optimallaşdırılması, sənəd-informasiya resursları fondundan səmərəli istifadənin təşkili və elmi-kütləvi tədbirlərin keçirilməsi, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində elmi-tədqiqatların aparılması istiqamətində innovasiya fəaliyyətini uğurla davam etdirir.
İxtisaslaşmış sənəd-informasiya resursları fondunun müntəzəm və planlı şəkildə zənginləşməsi, oxucuların informasiya tələbatlarına uyğun formalaşması və inkişafı məqsədilə ADMİU-nun tədris proqramlarına və elmi-tədqiqat işlərinə uyğun mövzuların təhlili nəticəsində mərkəzdə cari komplektləşmə həyata keçirilir. İnternet vasitəsilə müxtəlif veb resursların mütəmadi araşdırılması nəticəsində profilə uğun yeni nəşrlər müəyyənləşdirilir. Sənəd-informasiya resursları fondu ADMİU-nun professor-müəllim heyəti, ayrı-ayrı alim, mütəxəssis və başqa müəlliflərin çap olunmuş nəşrləri, şəxsi kitabxanası, kitab mağazaları və digər mənbələr hesabına zənginləşir. Ölkəmizdə mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərini (teatr, kino, televiziya, rəssamlıq, musiqi və humanitar sahələr) özündə əks etdirən mərkəzin çoxşaxəli və zəngin ixtisaslaşmış fondunun ümumi həcmi 50000 nüsxədən çox sənəd-informasiya resursundan (Azərbaycan və dünya xalqlarının bir çox dillərində kitab, jurnal, kataloq, avtoreferat, dissertasiya, not, fotoalbom, izomaterial, elektron nəşr və qəzet materiallarından) ibarətdir.

Tamilla Əsgərova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Kitabxana-informasiya Mərkəzinin müdiri
mərkəzin səhifəsinə qayıt