“Səda” Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılıb.
“Səda” Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Teatrın səhnəsində tələbələrin tamaşaları, kurs işləri buraxılış kursların diplom tamaşaları nümayiş olunur.
Bu gün tanınıb sevilən aktyor və aktrisaların, tanınmış sənətkarların əksəriyyəti ilk addımlarını məhz bu teatrda atıb. Nəzəriyyə ilə praktika Tədris teatrında birləşir. Hər il paytaxtın aparıcı teatr rəhbərləri tələbələrin diplom tamaşalarına baxıb perspektivli, istedadlı gəncləri teatrlara cəlb edirlər. Tədris Teatrı bir növ universitetin laboratoriyasıdır. Bu laboratoriya sənətimizin, səhnəmizin gələcəyi naminə 50 ildən çoxdur ki, fasiləsiz fəaliyyət göstərir.
Bu illər ərzində Tədris Teatrının səhnəsində M.F.Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Ə.Haqverdiyevin "Dağılan tifaq", Ü.Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", C.Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", C.Məmmədquluzadənin "Ölülər", S.Vurğunun "Vaqif", S.Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", J.B.Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop", V.Şeksprin "Otello", "On ikinci gecə", N.Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarla digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub.
Son illər ərzində “Səda” Tədris Teatrında hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Onlardan Cənnət Səlimova və Fikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq tələbə teatr festivalında), Ağakişi Kazımov və Hacı İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas" Gürcüstan Respublikasında Beynəlxalq Etüd festivalında və "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası 1-ci beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək olar.
“Səda” Tədris Teatrı - Sənətə təzəcə qədəm qoyan aktyorların həyatında öz məharətlərini sınadıqları ilk professional səhnədir. Bu, onların ilk baş rolları, tamaşaçı qarşısında ilk uğurlarıdır.
Bu gün “Səda” Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.