ADMİU-da xeyli müddətdir ki, ayrıca Nəşriyyat-Poliqrafiya mərkəzi fəaliyyət göstərir. Vaxtilə kiçik bir müəssisə nəşriyyatı kimi fəaliyyətə başlayan bu mərkəz son illərdə öz texniki imkanlarını xeyli yaxşılaşdırmışdır. Hər il Nəşriyyat-Poliqrafiya mərkəzində müxtəlif mövzularda onlarla adda kitab çap olunur. Burada universitetin professor-müəllim heyətinin kitabları ilə yanaşı, başqa müəssisələrdən olan şəxslərin də kitabları sifariş əsasında nəşr olunur. Nəşriyyatda dərsliklər, monoqrafiyalar, tədris vəsaitləri, proqramlar, həmçinin elmi-kütləvi və bədii əsərlər nəşr edilir. ADMİU-nun əməkdaşlarının böyük əksəriyyəti öz əsərlərini nəşr etdirmək üçün buraya üz tuturlar. Nəşriyyat-Poliqrafiya mərkəzi həmçinin albomlar, broşürlər, almanaxlar, təqvimlər və s. də çap edir. Mərkəzin buraxdığı çap məsulları yüksək poliqrafik keyfiyyəti ilə yanaşı, həm də bədii tərtibatın kamilliyi, müasirliyi, yüksək zövqü ilə diqqəti cəlb edir.