İnstrumental ifaçılığın tədrisi sahəsində özünəməxsus ənənələrə malik olan kafedra müxtəlif illərdə “Musiqi fənləri və dirijorluq”, “İnstrumental ifaçılıq və dirijorluq” adları altında fəaliyyət göstərmişdir. ADMİU-nun Elmi Şurasının 27 sentyabr 2003-cü il tarixli iclasının qərarı ilə yaradılan quruma 2014-cü ildə “İnstrumental ifaçılıq” kafedrası adı verilmişdir. Bütün fəaliyyətini müasir musiqi pedaqogikasının nəzəri-metodoloji bazası əsasında quran kafedrada fortepiano ilə yanaşı violin, viola, gitara, klarnet, saksofon, fleyta və zərb alətləri üzrə yüksək ixtisaslaşmış kadrlar yetişdirilir. Tələbələrə əsərlərin interpretasiya problemləri, müəyyən ifaçılıq vəzifələrinin təyin olunması, onların həllində müvafiq metodlardan istifadə edilməsi, ansambl və orkestr tərkibində ifaçılıq xüsusiyyətləri, konsertmeyster ustalığı, repertuar seçimi, ixtisas fənlərinin tədrisi ilə bağlı elmi-metodiki mənbələrdən istifadə prinsipləri və s. haqqında məlumat verilir. İnstrumental ifaçılıq kafedrası tədris prosesi ilə yanaşı rəngarəng məzmunlu konsertlərin təşkil olunmasına da böyük diqqət ayırır. Hazırda kafedraya sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmalə Nəsirova rəhbərlik edir.