Bu gün Bilgəh qəsəbəsinin 11 saylı internat evinin uşaqları və müəllim heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. “Səda” tədris teatrında baş tutan görüşdə Universitetin rektoru, professor Fərəh Əliyeva və professor - müəllim heyəti iştirak edib. Prorektor, professor Gülşən Əliyeva qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Daha sonra ikinci kurs “Aktyor sənəti” fakültəsinin tələbələri uşaqlar üçün Abdulla Şaiqin “Tıq – tıq xanım” nağılının motivləri əsasında hazırladıqları tamaşanı nümayiş etdilər. Tamaşa sonrası kursun rəhbəri, əməkdar artist Vidadi Həsənov uşaqlarla tamaşa haqqında diskussiya apararaq onlarda Azərbaycan nağıllarına maraq oyatmağa çalışıb və uşaqlar tələbələrlə birlikdə rəqs etdilər. Bu görüş onlara xoş əhval-ruhiyyə bəxş etdi. Sonda bu şəkildə təşkil olunmuş tədbirlərin Universitetdə mütəmadi baş tutacağı vurğulandı.