FULBRAYT PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SOSİAL İŞLƏ BAĞLI TƏLİMLƏR İLK OLARAQ ADMİU-da KEÇİRİLİB
 
Azərbaycan Sosial İş Birliyi Fulbrayt proqramı çərçivəsində ABŞ səfirliyinin dəstəyi ilə Dominik Universitetinin Sosial İşüzrə professoru Letisya Villarreal-Sosanın Azərbaycana səfəri təşkil olunmuş, onun ilk təlimləri isə mart ayının 28-dən başlayaraq, aprelin 8-nə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunmuşdur. Xatırladaq ki, ADMİU- da “sosial iş” ixtisasına qəbul 2015-ci ildən başlayıb. Bir il ərzində Universitet nəzəri dərslərlə yanaşı, Azərbaycan Sosial İş Birliyi və digər sosial qurumlarla əməkdaşlıq edib, beynəlxalq təcrübə ilə tanış olmaq üçün xarici mütəxəssislərin seminarlarını təşkil edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu təlimlərin ADMİU-da keçirilməsinin başlıca səbəblərindən biri də, Universitetdə bu ixtisasa olan maraq, tələbələrin seçdikləri peşənin qabaqcılları olmaq, beynəlxalq təcrübədən bəhrələnərək sosial sahədə iş aparmaqdır. Təlimlərdə Kulturologiya kafedrasının müdiri Sədaqət Əliyeva başda olmaqla Universitetin sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Müəllimlər İnstitutu tələbələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Uşaq və Ailələrə Dəstək mərkəzinin əməkdaşları (Şüvəlan, Ağdam, Göygöl, Goranboy, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Zərdab), Azərbaycan Sosial İş İctimai Birliyinin əməkdaşları iştirak edib. 10 gün davam edən treninqdə ailə və sosial siyasət, ailənin cəmiyyətdə funksiyaları, qeyri-bərabərlik, ailədə kasıblıq, sosial institutlar və onların sosial funksiyaları, siyasət və yoxsulluq, qloballaşma və beynəlxalq iqtisadiyyat, özünüdərketmənin inkişaf etdirilməsi, siyasi analiz: sübuta əsaslanan sosial siyasət alətləri, ictimai vəkillik təcrübəsi, fiziki və psixi sağlamlıq, ailə və uşaqlar üçün sosial xidmətlər,informasiya cəmiyyətində cinayət və zorakılıq , icma inkişafı, sosial problemlərin konstruksiyaları (müəyyən problem çərçivəsində), liderliyin inkişafı, sosial təhlükəsizlik və yaşlılıq siyasəti, koalisiyalar, şəbəkələr və icma təşkilatları, yerli olaraq düşün və qlobal olaraq davran mövzularında mühazirə və fərdi, komanda şəklində məşğələlər aparılıb. Təlimlərin sonunda yekun tədbir keçirilib. Tədbirdə Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək, qonağa təşəkkürünü bildirib. Təlim iştirakçılarını təbrik edərək, 10 gün davam edən treninqin öz faydasını, səmərəsini verəcəyini, tələbələr üçün bunun çox böyük təcrübə olduğunu vurğulayıb. Yekun tədbirdə tələbələrin gündəlik dərsləri və qonaqla gəzintini əks etdirən fotoşəkillərdən hazırladıqları slayd təqdim edilib. Daha sonra professor Litisiya Villarreal-Sosa da çıxış edərək Universitetin təşkilatçılığından, tələbələrin dərslərə olan marağından, bilik və bacarıqlarından razı qaldığını deyərək, hər kəsə təşəkkürünü bildirib. Yekun tədbirdə “Sosial proqram və xidmətlərin yaradılması” mövzusunda keçirilən mühazirə iştirakçılarına sertifikatlar təqdim olunub. Sonda rektor qonağa Universitet adından Azərbaycan milli geyimini hədiyyə edərək, bütün iştirakçılarla xatirə şəkilləri çəkdirilib.