"RƏNGLİ DUYĞULAR". ADMİU-NUN RƏSSAM - MÜƏLLİMLƏRİN YARADICILIQ SƏRGİSİ
"RƏNGLİ DUYĞULAR". ADMİU-NUN RƏSSAM - MÜƏLLİMLƏRİN YARADICILIQ SƏRGİSİ
14.06.2016
İyun ayının 13-də Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssam müəllimlərinin "Rəngli duyğular" adlı yaradıcılıq sərgisinin açılış mərasimi keçirilib.
Layihənin əsas məqsədi ADMİU-nin rəssam müəllimlərin əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, istedadlı və yaradıcı gəncləri dəyərli sənət nümunələri ilə yaxından tanış edib, gələcək inkişaflarına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən tanınmış rəssamları bir araya gətirərək bütöv bir ekspozisiyada birləşdirməkdir.
Layihənin müəllifi və rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Türkan Abbaslı qeyd edir ki, “rəssamlar yaratdıqları əsərlərdə əsasən öz duyğularını əks etdirirlər. Məhz elə buna görə də sənətkar rəssamların əsərləri bu qədər fərqli və təkrarsızdır. Bizdə bunu əlimizdə əsas tutaraq sərgimizi "Rəngli duyğular" adlandırdıq. Çünki hər bir əsər rəssamın rənglərə çevirdiyi duyğu və hissləridir”.
Sərgidə rəssamlarımızın müxtəlif konsepsiyalarda işlənmiş və müxtəlif təsviri sənət növlərində -rəngkarlıq, qrafika, heykəltəraşlıq və s.olan əsərləri nümayiş olunub. Sərgidə ADMİU-nun rektoru professor Fərəh Əliyeva, tanınmış rəssamlardan Arif Əziz, Ağəli İbrahimov, Xanlar Əhmədov, Həmzə Abdullayev, Aytən Rzaquliyeva, Fəxrəddin Qəhrəmanlı,Səmədağa Cəfərov, Elşən Hacızadə,Xanım Məmmədova, Tamilla Abdullayeva, Bayram Hacızadə, Anar Səfərli, gənc rəssamlardan Gülnaz Mədətova, Mətin Şərifov, Səbuhi Atababayev və b, Universitetin müəllim və tələbə heyəti də iştirak edib.