Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi, Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri Beynəlxalq Ərəb Dili Günü münasibətilə tələbələrlə görüşüb.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi və Süveyş Kanalı Universitetinin professoru Əbdül Rəhim Əl-Kurdi ərəb dilinin tarixi və inkişaf mərhələsi barədə məlumat verib və 2010-cu ildən etibarən 18 dekabr Beynəlxalq Ərəb Dili günü kimi qeyd olunduğunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri tərəfindən canlı xəttatlıq nümunələri göstərilib və əsərlərindən ibarət sərgi nümayiş olunub.