Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kiçik zalında professor-müəllim və tələbə heyətinin iştirakı ilə quruluşçu operatoru Kino-televiziya sənətləri kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev olan "Üçüncü günün adamı” tammetrajlı bədii film nümayiş olunub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan psixoloji dram janrında çəkilmiş film Kəlbəcər rayonundan olan, Qarabağ hadisələri ərəfəsində həbsxanaya düşən şəxsin həyatı haqqındadır. Film qəhrəmanın azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir.
Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.
Ekran əsərinin nümayişindən sonra professor-müəllim və tələbə heyəti film haqqında müzakirələr aparıb.