Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” sərgi salonunda Rəssamlıq fakültəsinin tələbəsi Nərmin Fərəcovanın "Suyun rəngli yuxuları" adlı layihəsi baş tutub. Tədbirdə Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tələbəyə gələcək fəaliyyətində uğurlar arzulayıb. Tələbə Nərmin Fərəcova da öz növbəsində Ebru sənəti haqqında məlumat verib, sənətin insan psixologiyasına təsirini vurğulayıb.
Professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan sərgidə Kulturologiya fakültəsinin III kurs tələbələri Sənan Ağayevin, Sima Cəfərovanın, IV kurs tələbələri Rəfi Qurbanzadənin, Rəfail Ağayevin və layihə rəhbəri Rəssamlıq fakültəsinin III kurs tələbəsi Nərmin Fərəcovanın 20-ə yaxın əsəri nümayiş olunub. Sərgidə layihə iştirakçıları Sənan Ağayev, Rəfi Qurbanzadə və Ebruzən Məleykə Abdullayeva tərəfindən ustad dərsi keçirilib, Ebru sənəti nümunələri canlı olaraq göstərilib.
Qeyd edək ki, "Suyun rəngli yuxuları" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən keçirilən X Qrant müsabiqənin qalibi seçilib.