Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 6-14 noyabr 2017-ci il tarixlərində akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər.
Teatr sənəti fakültəsində İzekenova Ulşat (xoreoqrafiya), Kinjembetova Tanşolpan (aktyor sənəti), Kabdıl Erkebulan (rejissor), Rəssamlıq fakültəsində Maxambetova Altın (geyim dizaynı), Musiqi sənəti fakültəsində Darjanova Şolpan (ənənəvi musiqi sənəti) dissertasiya mövzusunda araşdırmalar aparıblar.
Magistrantlar Universitetdə tanınmış müəllimlərin dərslərində iştirak edərək, onların dərs metodikaları ilə tanış olub, müqayisələr aparıb, müəyyən nəticələrə gəliblər. Ənənəvi musiqi sənəti ilə məşğul olan Darjanova Şolpan Gülyanaq Məmmədova, Simarə İmanovanın muğam dərslərinin özündə çox böyük təəssürat yaratdığını vurğulayaraq, Azərbaycan muğamına, ondakı melizmlərə heyran qaldığını, bu 10 günü Universitetdə keçdiyi elmi-təcrübədən aldığı nəticəni elmi işində və pedaqoji fəaliyyətində istifadə edəcəyini qeyd edib. Xoreoqrafiya ilə məşğul olan İzekenova Ulşat da razı qaldığını və Azərbaycan xalq rəqsləri ilə yaxından tanış olduğunu deyib.
Kinjembetova Tanşolpan isə Universitetdə aktyor sənəti, musiqili dram, ritmika və s. dərslərdə, eləcə də Azərbaycan Dövlət Musiqili Teatrda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Akademik Milli Dram Teatrında keçən tamaşalar və məşqlərdə iştirak edib. Beləliklə 10 gün ərzində yüksək səviyyədə elmi-təcrübə keçdiklərini deyən qazaxıstanlı magistrantlar, qazandıqları təcrübəni mütləq ölkələrində tətbiq edəcəklərini, iki təhsil ocağı arasında elm və təhsil sahəsindəki əlaqələrin hər iki tərəfə faydalı olduğu, gələcəkdə bu münasibətlərin daha da möhkəmlənməsini arzuladıqlarını bildiriblər.
Qeyd olunduğu kimi tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı gündəlik mədəni proqram da təşkil edilib. Onlar 10 gün ərzində Şəhidlər Xiyabanı, Şirvanşahlar Sarayı Kompleksi, Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarix Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Beynəlxalq Muğam Mərkəzi və ADMİU-da keçirilən konsert və tədbirlərdə iştirak ediblər.