Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestrinin birgə təşəbbüsü ilə “Mənim Bayrağım” adlı konsert keçirilib.
Universitetin professor-müəllim və tələbələri ilə birlikdə Ali Hərbi Məktəbin də nümayəndə heyəti və tələbələrinin (kursantları) iştirak etdiyi tədbir Hərbi Orkestrin ifasında Dövlət Himninin səslənməsi ilə təntənəli şəkildə başlayıb.
Daha sonra tədbirin aparıcısı Kino və televiziya fakültəsinin magistr tələbəsi Abbasağa Əlizadənin hazırladığı Ulu Öndər Heydər Əliyev və Respublikanın Prezidenti cənab İlham Əliyevin bayraq haqqında söylədiyi dəyərli fikirlərdən ibarət video çarx nümayiş olunub.
Tədbirdə Estrada sənəti kafedrasının I kurs tələbələri Xasay Şıxıyev T.Quliyevin “Bakı”, Nərmin Məmmədli F.Əmirovun “Göygöl”, Ayla Şirəliyeva T.Ağayevanın “Mən fəxr edirəm Azərbaycanlıyam”, Jalə Quliyeva V.Gərayzadənin “Nağılçı”, II kurs tələbəsi Nəzakət Veysəlova R.Mirişlinin “Doğma diyar”, III kurs tələbələri Cəlal Məlikli P.Bülbüloğlunun “Şən Azərbaycan”, Valeriya Hüseynzadə xalq mahnısı “Laçın”, İslam İmanov B.Vəziroğlunun “Xalq Heydər söyləyəcək”, Yusif Məhərrəmli E.Mansurovun “Qalx ulu torpaq” və məzun Zülfü Əsədzadə E.İbrahimovanın “Ey Vətən” mahnısının ifası tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Muğam sənəti kafedrasının tələbələri Rəvan Qaçayevin ifasında xalq mahnısı “Sarı gəlin”, Nurlana Kərimlinin ifasında R.Məmmədovun “Yaşa mənim xalqım”, Məftun Səfərlinin ifasında xalq mahnısı “Şuşanın dağları”, Günay Mehdiyeva və məzun Murad Kəngərlinin ifalarında “Qarabağ şikəstəsi” konsertə xüsusi rəng qatıb.
İfalar Xoreoqrafiya sənəti kafedrasının tələbələri Nərgiz Məmmədova, Nəzrin Mustafayeva, Məlik Həsənov və Seymur Nəbizadənin rəqsi ilə müşayiət olunub.
Tədbirdə SABAH qrupu IV kurs tələbəsi Hüseynağa Aslanov R.Hüseynovun “Mənim Bayrağım”, Teatr sənəti fakültəsinin III kurs tələbələri Ağaəli Kərimzadə, Novruz Şahverdiyev, Əbülfəz İsgəndərov isə R.Qusarçaylının “Azərbaycan Bayrağı” şeirini səsləndiriblər.
İfaçıları müəllim Pərviz Quliyev və konsertmeyster Nicat Aslanovun rəhbərliyi ilə II kurs tələbələri Hüseyn Əsədov (nağara), İlqar Allahverdiyev (tar), Fərrux Haşımlı (kamança), Zamin Qasımzadə (balaban), IV kurs tələbəsi Məhəmməd Məmmədli (akkardeon) və magistr tələbəsi Ramiz Sevdiməliyevdən (zərb) ibarət Tələbə Estrada ansamblı müşayiət edib.
Tədbirə Universitetin tələbələrindən ibarət xor və bütün iştirakçılarının ifasında Cəngi kompozisiyası ilə yekun vurulub.
Qeyd edək ki, “Mənim Bayrağım” adlı konsertin layihə rəhbəri Estrada kafedrasının baş müəllimi Gülnarə Allahverdiyevadır.