14-22 oktyabr 2017 ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində “XIX Ümumdünya Festivalı” keçiriləcək.
150 ölkədən 20000-dən artıq iştirakçının qatıldığı festivalın əsas məqsədi gənclər arası beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsidir. Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları və digər yaradıcılığın istənilən sahəsi ilə məşğul olan gənc və tələbələr arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teleziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alacaq.
Festival BMT-nin XVII davamlı inkişaf proqramı vasitəsilə həyata keçirilir və əsas altı dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri üzrə əhatə edəcək.
Festival proqramı gənclər arası siyasi və aktual məsələlər, idman yarışları, mədəni və bir çox yaradıcı tədbirlər üzrə açıq müzakirələri, habelə mədəniyyət və qloballaşma, qlobal iqtisadiyyat, bilik iqtisadiyyatı, ictimai qurumların inkişafı, siyasət və beynəlxalq təhlükəsizlik mövzularını əhatə edəcək.
Qeyd edək ki, həmçinin tələbə Könül Şahmar Dünya Turizm günü ərəfəsində Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Azərbaycan və Rusiyada turizm sahəsində multikulturalizm mövzusunda keçirilən “dəyirmi masa"da Rusiya və Azərbaycan turizmində rus dili” hesabatı ilə çıxış etmişdir.