ADMİU-DA BİLİK GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
ADMİU-DA BİLİK GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
18.09.2017
Sentyabr ayının 15-i ilk dərs günü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş görüş təşkil olunub.
Universitetin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə Bilik Fondu tərəfindən dəvət olunmuş qonaqlar, fondun əməkdaşları Almaz Axundova, İslam İslamzadə, Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva və tələbələrin iştirakı ilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda maarifləndirici mühazirələr dinlənilib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə islam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələbinə uyğun olaraq, keçirilən tədbirlərin mahiyyətindən danışan qonaqlar dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu diqqətə çatdırıb.
Azərbaycan dövlətinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları sivilizasiyaları idman yarışları ətrafında birləşdirməsi nəticəsində “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən oyunlar dünyanın, xüsusən, islam ölkələrinin böyük rəğbətinə səbəb olduğu qeyd olunub.