Əlizadə Abbasağa Fazil oğlu 13 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Suraxanı rayonu 282 nömrəli orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsində təhsil alıb və bu il Kino və televiziya fakültəsinin Kinoşünaslıq ixtisasını fərqlənmə (91 A) diplomu ilə bitirir.
Universitetdə təhsil aldığı müddətdə Azərbaycan Televiziyasında “MAG” verilişinin aparıcı vəzifəsində işləyib. Həmçinin ADDIM gənclər təşkilatının əməkdaşıdır. Bir neçə beynəlxalq layihələrin Multipreneurship-Sloveniya, MDB ölkələrində Sağlam Həyat Tərzinin İnnovativ Texnologiyalarla inkişafı” və s. iştirakçısıdır.
Dadaşova Nuranə Faiq qızı 27 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Nəsimi rayonu 266 saylı orta məktəbdə təhsil alıb.
2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsil alıb və bu il Teatr sənəti fakültəsinin Rejissorluq ixtisasını fərqlənmə (92 A) diplomu ilə bitirir.
Təhsil aldığı illər ərzində Universitetin ictimai həyatında fəallıq göstərib, keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edib. 2017-ci ildə buraxılış işi olaraq məşhur türk dramaturqu Tuncer Cücənoğlunun "Matruşka" əsərinə (Tərcümə: Məleykə Məmmədova) quruluş verib. Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına kiçik səhnəsində tamaşaçılara təqdim olunan bu səhnə əsərində (kurs rəhbəri: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova; buraxılış rəhbəri: Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə) Universitetin tanınmış müəllimlərindən bədii qiraət ustaları dosent Məleykə Məmmədova və Əməkdar artist Azad Şükürov iştirak edib.
Tamaşa Universitetin rəhbərliyi, müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb. Tamaşa haqqında saytlarda və dövrü-mətbuatda, xəbərlər və resenziyalarda dərc olunub.
Əsgərov Emil Firuzəddin oğlu 18 sentyabr 1993-cü ildə Lənkəran şəhər Göyşaban kəndində anadan olub. 2000-ci il də Suraxanı rayonu 114 nömrəli məktəbdə, 2005-2006-cı illərdə Quba Özəl Türk Liseyində və 2007-2008-ci illərdə Quba Özəl Texniki Fənlər Təmayüllü Məktəb Liseydə təhsilini davam etdirib. Daha sonra 2009-2011-ci illərdə Bərdə şəhər Akademik Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb liseydə təhsil alıb və şagirdlər arasında məktəb liseyinin Prezidenti seçilib.
Rayon gənclər təşkilatını üzvü kimi fəaliyyət göstərib, rayon və respublika bilik fənn olimpiyadalarının qalibi və laureyatı olub.
2011-2013-cü illərdə Ordu sıralarında xidmətdən sonra 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsil alıb və bu il Teatr sənəti fakültəsinin Dram rejissoru ixtisasını fərqlənmə (100 A) diplomu ilə bitirir.
Tələbəlik illərində Universitetdə kurs işi kimi müxtəlif tamaşa tipli səhnələr hazırlayıb. IV kursun yekunu olaraq F.M.Dostoyevskinin “Krotkaya” povesti əsasında bir hissəli “Aciz” adlı tamaşasını hazırlayıb. Tamaşada Əməkdar artist Şövqi Hüseynov və gənc aktrisa Xəyalə Meydanova rol alıb. Tamaşa Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində nümayiş etdirilib və teatrın repertuarına salınıb. Tamaşanın bədii rəhbəri Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Universitetin Dram rejissoru kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Məmmədova Şəfaqət Şəmsi qızı 31 iyul 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1998-ci ildə E.İmanov adına 10 saylı orta məktəbdə təhsil alaraq, eyni zamanda Şirvan şəhər 7 illik musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub. Təhsilini A.Zeynallı adına musiqi kollecində fortepiano ixtisas üzrə davam etdirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsil alıb və bu il Musiqi sənəti fakültəsinin Musiqişünaslıq ixtisasını fərqlənmə (92 A) diplomu ilə bitirir.
Təhsil aldığı illlər ərzində Universitetin bir sıra mədəni tədbirlərinin iştirakçısı olub. Həmçinin bir neçə mətbu orqanda - “Ədəbiyyat” qəzeti, “525-ci qəzet”, kultura.az mədəni portalında məqalə və müsahibələri yer alıb.
2016-cı ildə Azərbaycanda ilk ədəbi-fəlsəfi fanzin (FANatic magaZİNE) olan “MONK” ilə əməkdaşlıq edib. Dünya şöhrətli musiqiçilər haqqında yazdığı esselər həmin fanzində işıq üzü görüb.
Nəbizadə Röya Mehman qızı 28 sentyabr 1988-ci ildə anadan olub.
1995-2006-cı illərdə Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə təhsil alıb. Oxuduğu müddət ərzində fənn olimpiadalarında və rayon turunda ingilis dili fənnindən yüksək nəticələr göstərdiyinə görə I dərəcəli diplomlar ilə təltif edilib.
2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsil alıb və bu il Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyorluğu ixtisasını fərqlənmə (100 A) diplomu ilə bitirir.
2015-ci ildə I Avropa oyunlarında fəal iştirakına görə “BAKI 2015” Mərasimləri Təşəkkür Sertifikatı” ilə təltif olunub.
Novruzlu Xədicə Sahib qızı 23 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Binəqədi rayonu 102 saylı orta məktəbdə, 2010-cu ildə isə Yasamal rayonu 219 saylı orta məktəbdə təhsilini davam etdirib.
2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsil alıb və bu il Aktyor sənəti fakültəsinin Dram teatrı və kino aktyoru ixtisasını fərqlənmə (100 A) diplomu ilə bitirir.
2000-ci ildə Milli Dram Teatrında Elçinin “Mənim ərim dəlidir” tamaşasında (rejissor A.Nemətov) Qonşu qız adlı ilk rolunu ifa edib. Müxtəlif illərdə M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyasında (rejissor İ.Əsgərov) Gülçöhrə, H.Həsənovun “Brüsseldən məktublar” əsərində (rejissor R.Həsənoğlu) Dilənçi uşaq, B.Vahabzadənin “İkinci səs” dramında (rejissor A.Kazımov) İradə, T.Minnulinin “Alın yazısı” (rejissor A.Kazımov) əsərində İlisu, H.Mirələmovun “Xəcalət”ində (rejissor B.Osmanov) Fəridə, E.Filipponun “Kabuslar” pyesində (rejissor N.Kazımov) İbnə bacı, A.Şaiqin “Qaraca qız” tamaşasında Tutu, “Danışan gəlincik” əsərində Tık-Tık xanım (rejissor L.Kərimov), ərəb xalq nağılı motivləri əsasında hazırlanmış “Əlibaba və qırx quldur” tamaşasında Mərcan, A.Nemətovun quruluşunda Ə.Əmirlinin “Şah Qacar”ında Qacarın ilk sevdiyi qız və C.Məmmədquluzadənin “Ölülər”ində Nazlı kimi obrazları ifa edib.
2002-2011-ci illərdə “Lider” telekanalında “Dan ulduzu” yarışmasının aparıcısı olub, “Qonşular” teleserialında Pərvanə və AzTV kanalının “Aztelefilm” Departamentinin “Kinli, xəsis, səfeh” adlı filmində Dəcəl qız rollarını oynayıb.
Akademik Milli Dram Teatrında hazırlanmış “Xəcalət” tamaşası ilə Gürcüstan, Serbiya və Moldovada qastrol səfərlərində olub, Krımda “Teatr.Çexov.Yalta”, Belarusiyanın Brest şəhərində keçirilən “Belaya veja” beynəlxalq teatr festivallarının iştirakçısıdır.
2012-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin ən gənc aktrisası” adına, 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb.
Quliyeva Çinarə Əhməd qızı 9 dekabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Yasamal rayonu 158 saylı orta məktəbdə, 2005-ci ildə isə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. Məktəb vaxtı xoreoqraflar üçün keçirilən bir neçə müsabiqədə iştirak edib, uğurlu çıxışlarına görə I dərəcəli diplomlar ilə təltif olunub.
2013-cü ildə Bakı Xoreoqrafiya Məktəbini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsilini davam etdirib və bu il Teatr sənəti fakültəsinin Xoreoqrafiya sənəti ixtisasını fərqlənmə (100 A) diplomu ilə bitirir.
2013-cü ildən Bakı Xoreoqrafiya Akademiyasında müəllim-xoreoqraf vəzifəsində işləyir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabı”na daxil olub və xüsusi aylıq təqaüdə layiq görülüb.
Bir çox ölkələrdə, Fransa, Belçika, Avstriya, Hollandiya, Sloveniya, Türkiyə, Rusiya və Hindistanda rəqslərimizi layiqincə təmsil edib, ölkəmizi dünya xalqlarına tanıtmağa çalışır.
Gülməmmədli Xatirə Rövşən qızı 16 sentyabr 1993-cü ildə Bakı şəhərində anadan olub. 2007-2013-cü illərdə Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin saz sinfini əla qiymətlər ilə bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsil alıb və bu il Musiqi sənəti fakültəsinin Aşıq sənəti ixtisasını fərqlənmə (91 A) diplomu ilə bitirir.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Azərbaycan – dünyam mənim” yaradıcılıq müsabiqəsinin rayon turunda Bakı şəhəri üzrə I yerə layiq görülüb.
2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin Xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində yüksək səviyyədə çıxışa görə II dərəcəli diplom ilə təltif olunub.
2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən keçirilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan “Milli musiqi alətləri ifaçılarının Respublika Festivalı”nda I dərəcəli diplom ilə təltif olunub, eləcə də keçirilən tədbirdə solist kimi iştirak edib.
2013-cü ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Uşaq Musiqi və İncəsənət Məktəblərinin şagirdləri arasında “İstedad Mərkəzi”nə üzv seçilib və Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunan konsertdə çıxış edib.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “İlin ən istedadlı gəncləri” layihəsində Musiqi sənəti fakültəsi üzrə I yerə layiq görülüb.
Bundan əlavə müxtəlif dövlət tədbirlərində və konsertlərdə çıxış edib, bir çox müsabiqə iştirakçısı və laureatıdır.
Qeyd edək ki, Xatirə Gülməmmədli bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Aşıq sənəti ixtisası üzrə magistr pilləsinə qəbul olub.
Əliyeva Türkan Vasif qızı 22 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1995-2004-cü illərdə 193 saylı orta məktəbdə, eyni zamanda Qara Qarayev adına 8 saylı musiqi məktəbində və 2004-2008-ci illərdə Musiqi Kollecinin fortepiano sinfində təhsilini davam etdirib.
2010-2014-cü illərdə Bakı Musiqi Akademiyasında Etnomusiqişünaslıq ixtisası üzrə bakalavr pilləsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.
Təhsil aldığı müddətdə Akademiyanın bir neçə mədəni-kütləvi və bir çox konfranslarda çıxış edib.
2015-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsində Musiqi sənəti fakültəsinin Musiqi tənqidi ixtisasında təhsil alıb və fərqlənmə (94 A) diplomu ilə bitirib.
İbrahimova Rüxsarə Fərman qızı 15 noyabr 1990-cı ildə Zaqatala şəhərində anadan olub. 1997-2008-ci illərdə Ş.Qurbanov adına 3 saylı orta məktəbdə təhsil alıb. 2008-2012-ci illərdə bakalavr pilləsində təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə və 2017-ci ildə isə Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodologiyası ixtisasının magitsr pilləsini fərqlənmə (95 A) diplomu ilə bitirib.
Təhsil aldığı müddətdə Universitetdə keçirilən konsertlərində fəal iştirak edib. 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasında təşkil olunan magistr tələbələrinin II Elmi konfransında “Asəf Zeynallının fortepiano yaradıcılığında polifonik ünsürlərin tətbiqinə dair” məruzəsi, 2017-ci ildə Mədəniyyət Problemlər və Perspektivlər - Doktorant və Gənc tədqiqatçıların XI Beynəlxalq Elmi Konfransında “Qara Qarayevin fortepiano yaradıcılığında polifonik forma və janrlar” adlı mövzusu ilə çıxış edib və tezisi konfrans materialları dərc olunan jurnalda yer alıb.
İldırımlı Fidan Rizvan qızı 12 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. 2000-2005-ci illərdə Sumqayıt şəhər Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbində qarmon sinfi üzrə, 2007-2011-ci illərdə Sumqayıt Musiqi Kollecində eyni ixtisas üzrə təhsilini davam etdirib. Bu müddət ərzində kollecin tədbirlərində fəal iştirak edib, solo konsert ilə çıxış edib.
2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində təhsilini davam etdirib və Musiqi sənəti fakültəsinin Xalq Çalğı Alətləri ifaçılığının tarixi nəzəriyyəsi və metodikası ixtisasının magistr pilləsini fərqlənmə (94 A) diplomu ilə bitirib.
Təhsil aldığı müddətdə Universitetin tədbirlərində daima iştirak edib, 2013-cü ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”nin təntənəli açılış mərasiminin konsert proqramında uğurlu çıxışına görə diplom ilə təltif olunub. “Türksoylu Xalqların Musiqi Mədəniyyətinin Tədqiqi Problemləri – XVI Beynəlxalq elmi-praktiki konfrans” və “Mədəniyyət: Problemlər və Perspektivlər - Doktorant və gənc tədqiqatçıların XI Beynəlxalq Elmi Konfrans”ında maraqlı məruzələrlə çıxış edib.
Səbinə Nadir qızı Abdullayeva 28 iyul 1983-ci ildə Bakı şəhərində anadan olub. 1990-1997-ci illərdə Yasamal rayonu 153 nömrəli orta məktəbdə təhsil alıb.
1997-ci ildə təhsilini Bakı Slavyan Universitetinin “Turan” liseyində davam etdirib. 2000-2004-cü illərdə Qərb Universitetinin İnteryer dizayn ixtisasında bakalavr pilləsində təhsil alıb.
2015-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təhsilini davam etdirib və Rəssamlıq fakültəsinin Dizayn tarixi və nəzəriyyəsi ixtisasının magistr pilləsini fərqlənmə (100 A) diplomu ilə bitirib.
2004-2011-ci illərdə “Ata-İnşaat” tikinti şirkətində “Memar-dizayner” vəzifəsində işləyib. İlk əsas işi Heydər Əliyev prospekti ərazisində "Ekzelsior" adlı mehmanxananın tikintisində və dizaynında iştirakı olub. 2011-ci ildən “A+A group of company” şirkətində “Dizayner-mühəndis” vəzifəsində işləyir.
İştirak etdiyi layihələr: Malakan bağının bərpa edilməsi, İçəri şəhər və Koroğlu metrostansiyalarının yenidən qurulması, Fəvvarələr meydanında avtomobil dayanacağının qurulma və tikinti layihələri, Fəvvarələr meydanı layihəsi, Bayraq Meydanı layihəsi və s.
2012-ci ildə Art Villa qalereyasında “Qadının xəyalları” adlı sərgidə "May”, “Qeyri-adi gün” adlı sərgidə "Xurma", “Baharın nəfəsi” adlı sərgidə "Zəfəran" və "Adsız mahnı" adlı şüşə üzərində nəqqaşlıq üslubunda əsərləri nümayiş olunub.
2014-ci ildə Müasir İncəsənət Mərkəzində "Jacaranda" adlı fərdi sərgisi keçirilib. Sərgidə şüşə üzərində nəqqaşlıq üslubunda işlər, yağlı boya və kollajlar təqdim olunub.
2015 - ci ildə “Natavan” qalereyasında "Musiqi səsləri" adlı sərqidə şüşə üzərində nəqqaşlıq üslubunda "Santana" adlı əsəri diplom ilə təltif olunub.
2016-cı ildə Fransanın Paris şəhərində Pyer Karden mərkəzində dünyanın 30 ölkəsindən 150 sayda rəssam, heykəltəraş və fotoqrafın iştirak etdiyi “Salon Business Art – 2015” adlı müasir incəsənət sərgisində şüşə üzərində nəqqaşlıq üslubunda “Nar”, “Şərq gözəli”, “Qaçan insan”, “Muza”, “Qarabağ kilimi”, “Xurma ağacı” adlı əsərləri nümayiş olunub və “Qran Pri” mükafatına layiq görülüb.
2017-ci ildə “Bakı Su Həftəsi” çərçivəsində keçirilən Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinə həsr edilmiş müsabiqədə Dekorativ-tərbiqi sənət üzrə II yerə layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqın təşkil etdiyi bir çox sərgilərin iştirakçısıdır.
Muradova Vüsalə Azad qızı 8 noyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Xətai rayonu 245 saylı tam orta məktəbində və paralel olaraq 1997-ci ildən 34 saylı Uşaq Musiqi Məktəbində yeddi illik fortepiano sinfində təhsil alıb. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası tərkibində Musiqi Kollecinin fortepiano sinfində təhsilini davam etdirib.
2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində, 2015-2017-ci illərdə isə Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodologiyası ixtisasının magistr pilləsində təhsil alaraq, Universiteti fərqlənmə (94 A) diplomu ilə bitirib.
2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”ndə iştirak edib.
2016-cı ildə Mədəniyyət Problemlər və Perspektivlər - Doktorant və Gənc tədqiqatçıların X Beynəlxalq Elmi Konfransında “Azərbaycanda fortepiano ifaçılığının yaranması” və 2017-ci ildə isə Türksoylu Xalqların Musiqi Mədəniyyətinin Tədqiqi Problemləri – XVI Beynəlxalq elmi-praktiki konfrans “Rəhilə Həsənovanın yaradıcılığı” adlı məruzlər ilə çıxış edib.
Hal-hazırda Xətai rayonu 30 saylı Uşaq Musiqi Məktəbində fortepiano müəlliməsi vəzifəsində çalışır.