Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” («Великий Шелковый путь: взаимодействие культур Запада и Востока») II Forumunda iştirak edib.
ADMİU-nun rektoru ilə yanaşı foruma 13 ölkənin ali tədris ocaqları və mədəniyyət müəssisələrinin rəhbərləri – P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Sokolov Aleksandr Sergeyeviç, Şanxah Konservatoriyasının prezidenti Ling Zaiyong (Çin), Dankook Universitetinin vitse-prezidenti Kimon Dae Şik Kang (Cənubi Koreya), Mimar Sinan adına İstanbul İncəsənət Universitetinin retoru Yalçın Karayagiz, Belarus Dövlət Musiqi Akademiyasının rektoru Dulova Yekaterina Nikolaevna, Santa Çeççiliya konservatoriyasının direktoru Alfredo Santaloci (İtaliya) və başqaları qatılıb. Forumda ənənəvi milli mədəniyyətin, Ali incəsənət təhsil müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.
Rektor Fərəh Əliyevanın Beynəlxalq Forumdakı “İncəsənət ali təhsil müəssisələrinin təcrübəsində-musiqi irsinin davamlılığı” (Преемственность музыкального наследия - опыт высших учебных заведений искусств) mövzusunda məruzəsi də böyük maraqla qarşılanıb.
Səfər çərçivəsində o, Qazaxıstan Milli İncəsənət Universiteti ilə yaxından tanış olub, hər iki təhsil ocağı arasında elm və tədqiqat sahəsində müəllim və tələbələrin qarşılıqlı əməkdaşlıq, kadr hazırlığı, , təcrübə mübadiləsinin aparılması haqqında müqavilə imzalanıb.