ADMİU-DA QAZAXISTANLI MAGİSTR TƏLƏBƏLƏRİN ELMİ-TƏCRÜBİ DƏRSLƏRİ DAVAM EDİR
ADMİU-DA QAZAXISTANLI MAGİSTR TƏLƏBƏLƏRİN ELMİ-TƏCRÜBİ DƏRSLƏRİ DAVAM EDİR
18.04.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyada Musiqi sənəti ixtisası üzrə təhsil alan I kurs magistr tələbələrinin elmi-təcrübi dərsləri davam edir.
Universitetin Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti Zamiq Əliyev tələbələrə muğam janrının özünəməxsus səciyyəvi cəhətləri, şöbələri, “Heyrati”, “Arazbarı”, “Heydəri” muğamları və zərbi muğam janrı haqqında ətraflı məlumat verib. Daha sonra qazaxıstanlı tələbələr Miras Sabitov, Janqali Musayev və Kuanış Altıbayev III kurs Xalq çalğı alətləri ifaçılığı ixtisasında təhsil alan tələbələr ilə birlikdə Qazaxıstan melodiyasını ifa ediblər.
Mədəni proqram çərçivəsində qazaxıstanlı tələbələr AMEA Hüseyn Cavidin Ev Muzeyinə və Azərbaycan Tarix Muzeyinə ziyarət edib, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ADMİU-nun Kinoşünaslıq kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Ünvansız qatar” pyesinə tamaşa ediblər.