ADMİU-NUN REKTORU ŞANXAYDA İPƏK YOLU MUSİQİ İNSTİTUTLARININ REKTORLAR FORUMUNDA
27-30 aprel 2016-cı il tarixlərində ADMİU-nun rektoru professor Fərəh Əliyeva Şanxay Musiqi Konservatoriyası İpək yolu Musiqi İnstitularının Rektorlar forumunda iştirak edib. 3 seksiyadan ibarət olan forumda F.Əliyeva “Azərbaycan musiqi tədrisi və mədəni müxtəliflik” mövzusunda çıxış edib. Azərbaycanla yanaşı, Çin, Hindistan, Özbəkistan, Rusiya, Monqolustan, Pakistan, Qazaxıstan, İran, Macarıstan, Belarusiya musiqi və incəsənət ali məktəblərinin rektorlarının iştirakı ilə musiqi mədəniyyətlərinin mübadiləsi, ənənəvi musiqi irsinin qorunmasında ali məktəblərin rolu, musiqi tədrisinin ənənə və gələcəyi mövzularında dəyirmi masa keçirilib.
Forum ərzində müasir təhsil sistemi haqqında qarşılıqlı təcrübə mübadiləsi, gələcək elmi və mədəni əməkdaşlıqla bağlı danışıqlar aparılıb.
Eyni zamanda ADMİU-nun rektoru Şanxay Musiqi Konservatoriyasının rektoru, professor Lin Zaiyong, Qazaxıstan Milli İncəsənət Universitetinin rektoru, professor Ayman Mussahadjayeva, Hindistan Musiqi, rəqs və dram Akademiyasının rektoru Şexar Sen, Macarıstan List Musiqi Akademiyasının prorektoru, professor Gyula Fekete, Belarusiya Dövlət Musiqi Akademiyasının rektoru, professor Katerina Dulova, Monqolustan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rektoru, professor Sonintoqos Erdenetsoqt ilə görüşlər keçirərək ənənəvi və klassik musiqi sənətinin tədrisi problemləri ilə bölüşüblər.
Sonda forumun bəyannaməsi imzalanıb.