SƏMƏD VURĞUNUN ANADAN OLMASININ 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ “ƏDƏBİYYATIMIZIN MÜSƏLLƏH ƏSGƏRİ” ADLI TƏDBİR KEÇİRİLİB
Aprel ayının 27-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Səda” Tədris Teatrının təşkilati dəstəyi ilə xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri S.Məmmədova, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “İlin ən yaxşı vətənpərvər tədqiqatçı-alimi” qızıl medalının sahibi, A.Bakıxanov adına mükafatın laureatı Gülzar İbrahim qızı, Əməkdar incəsənət xadimi, aktyor, rejissor “Yeddi oğul istərəm” filmində Qasım rolunun ifaçısı Əbdül Mahmudov, hərb tariximizin bilicisi, tədqiqatçı, publisist, H.Zərdabi adına mükafatın laureatı Şəmistan Nəzirli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Zaməddin Ziyadoğlu, Səməd Vurğunun ev-muzeyinin fond müdiri Xanım Şadlinskaya, şairə Zərəngiz Qayalı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının direktoru Mirələskər Aslanov və Universitetin muğam sənəti kafedrasının müəllimləri-beynəlxalq müsabiqə laureatları E.Mirzəyev, K.Natiqoğlu, Muğam televiziya müsabiqəsinin laureatı M.Kəngərli, tələbə M.Mirzəyeva iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, həmişəyaşar şair Səməd Vurğun xalqın oxuyan qəlbi, “Odlar yurdu”nun nəğməkarı idi. O, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edirdi.
Tədbirdə görkəmli şairin yaradıcılığından geniş söhbət açılaraq, onun vətənpərvərlik mövzusunda yazdığı əsərlər, xalqın böyük şairə sonsuz məhəbbəti, şeirlərinin bu gün də dillər əzbəri olduğu bir daha diqqətə çatdırılıb.
Ədəbi-bədii gecədə şairin həyat və yaradıcılığını əks etdirən video-çarx, “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmindən fraqmentlər və “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı geniş kitab sərgisi nümayiş olunub, sözlərinə bəstələnmiş musiqi nümunələri və şeirləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti tərəfindən səsləndirilib.