“ROMEO VƏ CULYETTA” TAMAŞASI ADMİU TƏLƏBƏLƏRİNİN İFASINDA
“ROMEO VƏ CULYETTA” TAMAŞASI ADMİU TƏLƏBƏLƏRİNİN İFASINDA
22.12.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupları III kurs aktyor sənəti ixtisası tələbələrinin ifasında, kursun rəhbəri və quruluşçu rejissoru, əməkdar artist Nofəl Vəliyev tərəfindən hazırlanan “Romeo və Culyetta” faciəsi tamaşaçılara təqdim olunub.
Dünya ədəbiyyatının ən məhşur dramaturqlarından biri, adı tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilmiş Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş bu tamaşanın özəlliyi bütün yaradıcı heyətin tələbələrdən ibarət olması idi. İstedadlı rejissor N.Vəliyev quruluşçu operator, geyim rəssamları və dizayner tələbələri ətrafına toplayaraq mükəmməl səhnə əsəri sərgiləməyə nail oldu. Minimum səhnə tərtibatından istifadə olunan bu tamaşanın hazırlanmasında müəllimlər Nadir Hüseynov, Ruslan İsmayılov, Ceyhun Dadaşov, geyim rəssamı Nəzakət Əhmədovanın əhəmiyyətli rolu var.
Anşlaqla keçən tamaşa “Sabah”çıların ikinci uğurudur. Qeyd etmək lazımdır ki, daha əvvəl tamaşaçılara təqdim edilən “Müsyo Jordan və Dərviş Məstəli şah” da böyük uğurla qarşılanmışdır.
Sonda universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor M. Əlizadə çıxış edərək mükəmməl səhnə həllindən və aktyor oyunundan danışaraq müəllim-tələbə heyətini və ADMİU-nun “Sabah” qrupunun rəhbəri Böyükxanım Məmmədbəyovanı təbrik etdi.