Dekabr 2-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” layihəsinə start verilib.
Layihəyə əsasən klassiklərin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislər keçirilir. Bu silsilədən ilk tədbir klassik Azərbaycan poeziyasının günəşi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunub.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq, bu məclisin fizulişünas, poeziyasevər və musiqisevərlər üçün bir töhvə olduğunu vurğulayıb.
Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor, füzulişünas Gülşən Əliyevanın da çıxışları dinlənilib. Universitetin dosenti, əməkdar artist Azad Şükürovun ifasında Füzulinin şeirləri səslənib.
Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikanın aparıcı kitabxanalarının rəhbərləri, füzulisevərlər və b. iştirak ediblər.